CƏMİYYƏT
Azərbaycan Avropa Müstəqil Mətbuat Şuraları Alyansının konfransında təmsil olunub
Bakı, 9 sentyabr, AZƏRTAC
Londonda Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AIPCE) illik toplantısı keçirilib. Tədbirə ev sahibliyini Böyük Britaniya mediasının özünütənzimləmə qurumlarından olan “İmpress UK” edib. Toplantıda ölkəmizi Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli və qurumun İdarə Heyətinin üzvü Yadigar Məmmədli təmsil edib.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, tədbir AIPCE-yə üzv təşkilatların illik hesabatlarının təqdimatı və müzakirəsi ilə başlayıb. Ayrı-ayrı ölkələr üzrə mətbuat şuralarının hesabatlarının dinlənilməsindən sonra təşkilati məsələlərə baxılıb. Növbəti bir il üçün AIPCE-nin fəaliyyətini koordinasiya edəcək katiblik formalaşdırılıb. Həmçinin AIPCE-də “müşahidəçi üzv” statusu almaq üçün müraciət ünvanlamış qurumlar nəzərdən keçirilib.
Təşkilati məsələlər sırasında AIPCE-nin 2025-ci il konfransının keçiriləcəyi ölkənin adının müəyyənləşdirilməsi də müzakirə edilib və Monteneqro növbəti ev sahibi seçilib.
Toplantıda, həmçinin müasir media trendləri ətrafında da diskussiya gedib. “Süni intellektin jurnalistikaya təsirləri”, “ChatGPT, Google Search və müəllif hüquqları”, “Peşəkar medianın mövcud problemləri və gələcək təhdidlərə qarşı dayanıqlılığın yaradılması”, “Rəqəmsallaşma dövründə media şuralarının rolu” kimi mövzular üzrə panel sessiyalar təşkil olunub.
Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansı (AIPCE) Avropa dövlətlərində fəaliyyət göstərən mətbuat şuralarının koordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. 2024-cü ildən etibarən başqa qitələrdəki mətbuat şuralarının da AIPCE-yə müşahidəçi üzv statusunda iştirakına qərar verilib. Azərbaycan Mətbuat Şurası da AIPCE-nin tamhüquqlu üzvüdür və onunla sıx əməkdaşlıq edir.