Azərbaycan-Belarus iqtisadi əlaqələri texniki ali təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradıb
Bakı, 7 mart, AZƏRTAC
Belarusun Yanka Kupala adına Qrodno Dövlət Universitetinin prorektoru Yuri Belıx, Belarus Dövlət İnformatika və Elektornika Universitetinin prorektoru Dmitri Kuznetsov Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
AZTU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov Azərbaycan ilə Belarus arasında sürətlə inkişaf edən elmi əlaqələrə diqqət çəkib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda digər sahələrdə olduğu kimi, elm sahəsində də yeni dövr başlanıb. Yeni ictimai-iqtisadi tələblərə uyğun olaraq təhsil sistemində fundamental dəyişikliklərin başladığını deyən X.Yahudov Prezident İlham Əliyevin təhsilin və elmin inkişafına xüsusi qayğı ilə yanaşdığını söyləyib. Vurğulanıb ki, son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin elm və təhsil sahəsinə, xüsusilə texniki ali təhsil sahəsinə sirayət etməsi əməkdaşlıq üçün geniş imkanlar yaradıb.
Qonaqlar bildiriblər ki, təmsil etdikləri universitetlərlə AzTU arasında geniş və uzunmüddətli əməkdaşlıq mexanizmi reallaşa bilər. Qeyd olunub ki, ölkələrimiz arasındakı əlaqələr, həmçinin üç universitetin bir neçə fakültəsinin, eləcə də ixtisasların uyğunluğu səmərəli əməkdaşlığa zəmin yaradır.
Görüşdə hər üç universitetdə tədris olunan ixtisaslarla bağlı, o cümlədən informasiya texnologiyaları, telekommunikasiya və maşınqayırma sahəsində birgə əməkdaşlığın mümkün şərtləri müzakirə olunub.
Sonra qonaqlar AzTU-nun Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxıblar.