Azərbaycan Belarusla gömrük sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlıdır
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Belarus ilə gömrük sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, bu barədə mayın 29-da DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Yuriy Senkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. S.Mehdiyev Azərbaycan ilə Belarus arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb, bu əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunu və bu gün də həmin münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib.
Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdirilməsində hər iki ölkə prezidentlərinin fəaliyyətini xüsusilə qeyd edən DGK-nın sədri onu da bildirib ki, Azərbaycanla Belarus arasındakı iqtisadi-ticari əlaqələr hər iki dövlətin iqtisadiyyatına mühüm töhfə verir.
S.Mehdiyev Azərbaycanın Belarusla gömrük sahəsində də qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdırıb, imzalanan sazişin tərəflər arasında əlaqələrin inkişafına və inteqrasiyasına öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Azərbaycan gömrüyündə geniş islahatlar proqramının həyata keçirildiyi barədə məlumat verən komitə sədri, həmçinin elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi, ticarətin daha da asanlaşdırılması istiqamətində yeni qaydaların tətbiqindən bəhs edib, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə xüsusi önəm verildiyini deyib.
Y.Senko isə Azərbaycana səfərindən, ölkəmizin inkişafından, eləcə də gömrük orqanlarındakı islahatlardan məmnunluğunu bildirib, iki ölkənin gömrük orqanları arasında əlaqələrin perspektivlərinə toxunub. İki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən qonaq qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
Görüşdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında “Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında” Sazişin imzalanma mərasimi keçirilib. Sənədi S.Mehdiyev və Y.Senko imzalayıblar.