AZƏRBAYCAN BƏSTƏKARI FİRƏNGİZ ƏLİZADƏNİN ƏSƏRLƏRİ DÜNYANIN KONSERT SALONLARINDA SƏSLƏNMƏKDƏDİR
Bəstəkarın yeni yaradıcılıq turnesi ərəfəsində onunla qısa söhbət aparan AZƏRTAC-ın Almaniyadakı xüsusi müxbiri xəbər verir ki, musiqiçimizin bu ilin mayında Nyu Yorkun “Lincoln Center” musiqi mərkəzində uğurla səsləndirilən “Sabah” əsərini öz qastrol proqramına daxil edən Amerika simfonik orkestri onu hazırda Yaponiyada ifa etməkdədir. May ayının sonunda Firəngiz Əlizadənin Almaniya yaradıcılığına aid yeni əsərləri Londonda, Mançesterdə və Parisdə də ilk dəfə səslənmişdir.
İyun ayında Firəngiz Əlizadənin üç yeni əsəri Avropa ölkələrində səsləndiriləcəkdir.
İyunun 20-də Berndə İsveçrənin “Camerata Bern” ansamblı bəstəkarın simli alətlər ansamblı üçün bəstələdiyi “Metamorfosis” əsərini ilk dəfə ifa etmişdir. İsveçrədən Niderlanda geri dönən bəstəkar Amsterdam şəhərində startı verilən “Beynəlxalq Hollandiya musiqi festivalı”nda iştirak edəcəkdir. Festival çərçivəsində proqrama uyğun olaraq iyunun 27-də Hollandiyanın “Atlas” ansamblı Firəngiz Əlizadənin “Zikr” və Cavanşir Quliyevin “Bayatı” əsərlərini ilk dəfə səsləndirəcəkdir.
İyunun 29-da İrlandiyada keçirilən “Vest Cork” musiqi festivalında Vyananın “Altenberq Trio” ansamblı Firəngiz Əlizadənin yeni bəstələdiyi “İmprombus” (“Musiqi anları”) əsərini ifa edəcəkdir.