Azərbaycan boksçuları dünya təsnifat turnirinin ilk mərhələsində uğurlu çıxış ediblər
Bakı, 20 iyun, AZƏRTAC
Bakıda Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya təsnifat turnirinin beşinci günü Azərbaycan boksçuları üçün uğurlu olub.
AZƏRTAC xəbər verir ki, iyunun 20-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində səkkizdəbir final mərhələsindən mübarizəyə qoşulan Rüfət Hüseynov (49 kq) Tu Po-Vey (Çin Taypeyi) ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə qarşı inamlı döyüş keçirərək qələbə qazanıb. Tu Po-Vey mərhələ keçmək üçün Dominikan Respublikasından olan boksçu Santilyan Perez Viktor Danieli üstələmişdi.
Turnirdə 75 kiloqram çəki dərəcəsində mübarizə aparan digər idmançımız Kamran Şahsuvarlı isə onaltıdabir finalda Albaniya idmançısı Aryon Kayoşini məğlub edib. Albaniyalı boksçu ilkin mərhələdə belçikalı Lay Kalenqa Mişikandan güclü olub. Bir və ikinci raundda rəqibinə daha cəld zərbələr endirən atletimiz həlledici raundu da uğurla başa vurub. Hakimlərin yekdil qərarı ilə K.Şahsuvarlı görüşün qalibi olub. O, bununla növbəti mərhələyə vəsiqə qazanıb.
Ötən gün Teymur Məmmədov (81 kq) da mərhələ adlayıb. Boksçumuz çinli Quojun Şini məğlub edib. Bu qələbələr hər üç təmsilçimiz üçün Rio Olimpiadasına lisenziya qazanmaq baxımından çox vacib idi. Hər üç boksçumuz lisenziya qazanacağı təqdirdə, Azərbaycanın kişilərdən ibarət yığması Olimpiadada tam heyətlə - 10 dəri əlcək ustası ilə təmsil olunacaq. Əvvəlki 7 lisenziya ötənilki dünya çempionatında və bu il Avropa təsnifat turnirində əldə edilib.
Qeyd edək ki, lisenziya əhəmiyyətli son yarışda “Rio-2016”ya 39 vəsiqə uğrunda 105 ölkədən 469 kişi idmançı mübarizə aparır.