Azərbaycan çempionatı öncəsi güləş hakimləri və məşqçiləri üçün seminar təşkil olunub
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatı start götürəcək. Yarışla əlaqədar olaraq Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyinin iştirakı ilə görüşləri idarə edəcək beynəlxalq və milli dərəcəli hakimlər üçün seminar təşkil olunub.
AZƏRTAC AGF-yə istinadla xəbər verir ki, tədbirdə ədalət təmsilçilərindən maksimum diqqətli olmaq və qarşılaşmaları dəqiq, qərəzsiz idarə etmək tələb olunub. Daha sonra müxtəlif görüşlərdən mübahisəli epizodlar videogörüntülərlə izah edilib.
Həm də yunan-Roma güləşi üzrə müxtəlif klub və cəmiyyətlərin, eləcə də bölgələrin komandalarının məşqçilərinin iştirakı ilə seminar baş tutub. Yarışla bağlı müəyyən tövsiyələri dinləyən mütəxəssislər öz təkliflərini də səsləndiriblər. Yekunda güləşin klassik növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.
Qeyd edək ki, bu gün 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. 87, 97 və 130 kiloqram çəki dərəcələrində yer alan pəhləvanlar isə dekabrın 8-də çıxış edəcəklər.