Azərbaycan Dillər Universitetində Çin mədəniyyəti həftəsi davam edir
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) Çin mədəniyyəti həftəsi çərçivəsində "Salam, Çin!" devizi altında 1 oktyabr - Çin Xalq Respublikası Gününə həsr olunan fləşmob keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, fləşmobda çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Çin sivilizasiyasının çoxəsrlik adət-ənənələrini əks etdirən “Böyük Çin” rəqsini canlandırıblar. ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin Xalq Respublikasının yaranması münasibətilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrikini xatırladıb, qədim tarixə malik Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verilməsindən danışıb. R.Abbasov Azərbaycan-Çin münasibətlərinin təhsil, siyasi və digər sahələrdə inkişaf etdiyini vurğulayıb. O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verən Çin kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin işğal olunması faktının işıqlandırılmasını və beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını qeyd edib. Bildirilib ki, Azərbaycan Çinin “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını hər zaman dəstəkləyir.