MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qadınım” tamaşasının premyerası olub
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matroşka” pyesi əsasında hazırlanmış “Qadınım” tamaşasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri musiqili lirik-psixoloji melodram janrında təqdim edilib. Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sonadək mübarizə aparması dayanıb.
Türk retro musiqilərinin canlı ifa olunduğu “Qadınım”da əsas rolları teatrın gənc aktyorları - Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili canlandırıblar. Tamaşada, eyni zamanda, teatrın xor və balet artistləri iştirak ediblər. Səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya, videogörüntüləri isə Murad Həsənova aiddir.