Azərbaycan dünyada sabitlik adası kimi tanınır
Lerik, 27 may, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Lerik Rayon Təşkilatı Gənclər Birliyi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə YAP Lerik Rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini Cahani Nüsrətzadə Respublika Günü ilə bağlı məruzə edib.
Bildirilib ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il 28 may tarixi hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.
Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi.
Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi yarandı. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Cümhuriyyətin yaradıcıları tərəfindən əsası qoyulmuş ideyaları daha da möhkəmləndirdi, inkişaf etdirdi, müstəqil dövlətimiz XXI əsrin ən uğurlu gənc dövlətlərindən biri kimi özünü təsdiq etdi.
Bu gün həyatın bütün sahələrində böyük uğurlar qazanılır. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir, onun iqtisadi inkişafı beynəlxalq aləmdə də etiraf olunur. İndi ölkədə demokratik təsisatlar formalaşıb, insan hüquqları, söz və mətbuat azadlığı təmin edilib. Beləliklə, Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib. Həmçinin insanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb, həyat səviyyəsi yüksəlib. Azərbaycanda təhlükəsizlik tam təmin olunub. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan müasir mürəkkəb dünyada sabitlik adası kimi tanınır. Vətəndaşlar öz gələcəyi barədə heç bir narahatlıq keçirmirlər.
Digər natiqlər iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, müstəqil Azərbaycanın uğurlarından danışıblar.