Azərbaycan ECO dövlətlərinin konsolidasiyasına nail olub - ŞƏRH
Bakı, 4 iyul, AZƏRTAC
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) regional təsisat olmasına baxmayaraq artıq qlobal xarakter daşıyan geosiyasi və geoiqtisadi proseslərə təsir etmə imkanına malik olub. Azərbaycan bu təşkilata müstəqilliyinin ilk illərində (1992) üzv olub. Həmin dövrdə Ermənistan torpaqlarımızı işğal etdiyi və münaqişə davam etdiyi üçün SSRİ-dən yeni ayrılan Azərbaycan iqtisadi model seçə bilməmişdi. Lakin Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyə başladığı gündən ölkə iqtisadi inkişaf yoluna qədəm qoydu. “Əsrin müqaviləsi” neft kontraktları imzalandı (1994) və ölkəyə xarici investisiya axmağa başladı. Azərbaycanın iqtisadi imkanları artdıqca üzv olduğu beynəlxalq təşkilatlarda da, o cümlədən ECO fəaliyyətini genişləndirdi.
Bu fikri AZƏRTAC-a müsahibəsində “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
O bildirib ki, bu gün Azərbaycan ECO üzvü dövlətlərə iqtisadi dividendlər gətirəcək beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin müəllifi və təşkilatın ən fəal üzvüdü.
“Azərbaycan Qazaxıstanla birlikdə dəyəri 1 milyard avrodan çox Xəzər dənizinin dibi ilə çəkiləcək Trans-Xəzər fiber-optik rabitə xətti kimi layihələr həyata keçirir. Azərbaycan ildə 5 milyon yükdaşıma qabiliyyəti olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini reallaşdırıb ki, bu da ECO dövlətləri arasında ticarəti, tranziti və digər iqtisadi sahələr üzrə əlaqələrin yaranması üçün imkan yaradıb. Azərbaycan Mərkəzi Asiya respublikalarının, İranın, Pakistanın Avropa ilə ticarət əlaqələri qurmasında mühüm rol oynayır. ECO-nun Baş katibi Əsəd Məcid Xan Azərbaycanın təkşilatdakı fəaliyyətini yüksək qiymətləndirib”, - deyə Z.İbrahimov vurğulayıb.
Ekspert, həmçinin Azərbaycanın ECO dövlətlərinin konsolidasiyasına nail olduğunu sözlərinə əlavə edib: “Bunu təşkilatın 200 milyondan çox əhalisi və nüvə silahına malik yeganə dövləti olan Pakistan ilə Azərbaycan münasibətlərinə baxsaq görərik. İstər 44 günlük Vətən müharibəsində, istərsə də ondan əvvəlki dövrlərdə rəsmi İslamabad daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Əgər iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 2020-ci ildə 13 milyon 283 min dollar təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 22,48 milyon dolları ötüb. Bununla yanaşı Türkiyə ilə Azərbaycanın həyata keçirəcəyi Zəngəzur dəhlizi də ECO dövlətlərinin nəqliyyat, tranzit, ticarət əlaqələrinin artmasına böyük fürsətlər yaradıb. Azərbaycan təşkilat daxilində fəaliyyətini genişləndirməklə lider dövlətə çevrilib”.