Azərbaycan “Elektron hökumət” sahəsində təcrübəsinin digər ölkələrdə tətbiqində maraqlıdır
İstanbul, 27 oktyabr, AZƏRTAC
Azərbaycan informasiya və kommunikasiya texnologiyaları, “Elektron hökumət” quruculuğu sahələrində beynəlxalq təcrübəni araşdıraraq həyata keçirdiyi yenilikləri digər ölkələrdə tətbiq etməkdə maraqlıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib. O deyib ki, Azərbaycanda sürətlə genişləndirilən “Elektron hökumət” yüksək səmərəliliklə özünü doğruldur. Hazırda ölkəmizdə 2,5 milyondan çox vətəndaş 16 milyon dəfədən çox elektron xidmətlərdən istifadə edir. İstanbulda keçirilən “İnkişaf üçün İKT” mövzusunda konfransda, eləcə də bu sahəyə aid bütün beynəlxalq tədbirlərdə iştirak etmək Azərbaycan üçün dünya təcrübəsinə daha yaxından yiyələnmək, o cümlədən ölkəmizdəki yeniliklərin təbliği baxımından əhəmiyyətlidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul