REGİONLAR
AZƏRBAYCAN ƏRAZİSİNDƏ “QUŞ QRİPİ”NİN TÖRƏDİCİSİ AŞKAR EDİLMƏMİŞDİR
Bakı, 30 dekabr (AZƏRTAC). “Quş qripi” xəstəliyi ilə bağlı dekabrın 21-dən ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 18 çöl və 2 ev quşunun patoloji materialı, ayrı-ayrı həyətyanı və quşçuluq təsərrüfatlarından gətirilən 1130 ev quşunun qan nümunələri respublika baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) bildirmişlər ki, müayinə edilmiş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməmişdir.
Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında aparılmış növbəti monitorinqdə Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssisləri və əməkdaşları da iştirak etmişlər. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmamışdır.
DBX əhalinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev quşları qapalı şəraitdə saxlanmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması, onlardan qida məhsulu kimi istifadə olunmasına qoyulan qadağa qüvvədədir.
Ölkədə epizootik vəziyyət sabitdir. Əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.