“Azərbaycan folkloru antologiyası”nın Qərbi Azərbaycan, azsaylı xalqlar üzrə seriyalarının nəşri planlaşdırılır
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda bu elmi müəssisənin direktoru filologiya elmləri doktoru Hikmət Quliyev gündəlikdə duran məsələlər haqqında məlumat verib.
İclasda müzakirə edilən məsələlərdən biri bu il nəşri nəzərdə tutulan kitablar haqqında olub. Elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov nəşrə hazırlanan folklor antologiyaları, elmi-tədqiqat işləri, monoqrafiya və kollektiv əsərlər, həmçinin yerli və beynəlxalq konfransların materialları barədə məlumat verib. Qeyd olunub ki, 2026-cı ildə “Azərbaycan folkloru antologiyası”nın Qərbi Azərbaycan, Güney Azərbaycan və azsaylı xalqların folkloru üzrə seriyalarının, aşıq yaradıcılığı ilə bağlı toplama və tədqiqat işlərinin, qorqudşünaslıq və eposşünaslıq istiqamətində aparılan araşdırmaların, mərasim folkloruna dair tədqiqatların, şəhər folkloru və müxtəlif sosial qrupların folkloru üzrə elmi işlərin nəşri planlaşdırılır.
Daha sonra institutun elmi-tədqiqat şöbələrinin 2026-cı il üzrə fəaliyyət planında nəzərdə tutulan işlərin icra vəziyyəti müzakirə edilib. Şöbə rəhbərləri beynəlxalq elmi jurnallarda nəşr olunması planlaşdırılan və redaktə prosesində olan məqalələrin vəziyyəti, elmmetrik göstəricilərin yüksəldilməsi, şöbələrdə elmi seminarların təşkili, eləcə də beynəlxalq elmi konfranslarda iştirak barədə məlumat veriblər.

İnstitutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev iyun ayında keçiriləcək VIII Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə Beynəlxalq Elmi Simpozium barədə məlumat verib. Qeyd olunub ki, sonuncusu 2011-ci ildə keçirilmiş simpozium bu il yenidən təşkil olunacaq və tədbir çərçivəsində “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusuna həsr olunacaq. Türkoloji Qurultayın 100 illiyinə ithaf ediləcək bu elmi konfransın məqsədi türkoloji folklorşünaslığın nəzəri-metodoloji çərçivəsinin və tətbiqi istiqamətlərinin müzakirəsi üçün mühüm elmi platforma yaratmaqdır.
İclasın davamında yaxın zamanlarda yubileyi qeyd olunan institut əməkdaşları təşəkkürnamə ilə təltif olunublar.
Sonda iclas iştirakçıları Folklor İnstitutunun elmi fəaliyyətinin inkişafı, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və Azərbaycan folklorşünaslığının perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. İclas gündəlikdə duran məsələlər üzrə müvafiq qərarların qəbul edilməsi ilə başa çatıb.