Azərbaycan Fransada Dil Festivalında təmsil olunub
Tur, 27 noyabr, AZƏRTAC
Azərbaycan Fransanın Tur şəhərində təşkil edilmiş Dil Festivalında təmsil olunub.
AZƏRTAC xəbər verir ki, festivalda 50 ölkə iştirak edib.
Festivalda Eşqi Camalovun təqdimatında Azərbaycan mədəniyyəti barədə məlumaylar iştirakçılara çatdırılıb.
Tədbirdə mədəniyyətimizə, milli mətbəximizə dair kitablar, eləcə də ölkəmizin coğrafiyasını, milli geyimlərimizi əks etdirən açıqcalar nümayiş olunub. Festivalda Naxçıvan milli forması ilə təqdim olunan stendimizdə Ordubad sucuğu ziyarətçilər tərəfindən çox bəyənilib. Həmçinin Azərbaycan mətbəxinin dadlı təamlarının resepti, milli bəzək nümunələri nümayiş olunub və ziyarətçilərə hədiyyə edilib.
Festival çərçivəsində Azərbaycan dili və Şərur köçəri yallısına dair məlumat verilib. Ziyarətçilər, eləcə də Tur şəhərində yaşayan soydaşlarımız yallı rəqsinə qoşulublar. Yerli ictimaiyyətin nümayəndələri Şərur köçəri yallısını çox seviblər.
Qeyd edək ki, Tur Dil Festivalı”nda Azərbaycan stendinin təşkilatçısı Eşqi Camalov Poitiers Universitetində İKT üzrə müəllim işləyir.
Stendimizim təşkilində məqsəd ana dilimizi və mədəniyyətimizi Tur sakinlərinə, eləcə də festival ziyarətçilərinə tanıtmaqdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Tur