AZƏRBAYCAN GƏNCLƏRİNİN V FORUMUNUN İŞTİRAKÇILARINA
Hörmətli forum iştirakçıları!
Əziz gənclər!
Sizi - Azərbaycan gənclərinin V forumunun iştirakçılarını, bütün respublikamızın gənclərini səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı, xoşbəxtlik və doğma vətənimizin inkişafına yönəlmiş fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan gənclər ölkəsidir. Biz dünyada dinamik inkişaf edən nadir ölkələrdən biriyik ki, əhalimizin əksər hissəsini gənclik təşkil edir. Biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında, yeni texnologiyaların tətbiqində, respublikamızda genişmiqyaslı islahatların gerçəkləşdirilməsində gənclərin rolu getdikcə artmaqdadır. Gənclərlə bağlı siyasət və xüsusi dövlət proqramı uğurla yerinə yetirilir.
Hər bir dövlətin gənclərlə bağlı siyasəti gələcəyə ünvanlanır. İqtisadi inkişaf və islahatların həyata keçirilməsi tempinə görə dünyada qabaqcıl mövqe tutan Azərbaycanda yeni iş yerlərinin açılması, regionların sosial-iqtisadi inkişafı proqramının gerçəkləşdirilməsi, əhalinin rifah halının yüksəldilməsi gənclərimizin gələcəyə böyük ümidlə baxmasına imkan verir. Azərbaycan gənclərinin elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi göstəricilər respublikamızın hər bir vətəndaşında həm qürur hissi oyadır, həm də gələcəyimizin etibarlı əllərdə olduğuna inam yaradır.
Gənclərin birinci forumundan keçən müddətdə gənclərlə iş sahəsində qanunvericilik bazası yaradılmış, hüquqi-normativ aktlar təkmilləşdirilmiş, mövcud problemlərin həlli üçün mühüm addımlar atılmışdır. Gənclərin təhsili, məşğulluğu, sosial məsələlərinin həlli ilə bağlı nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Vətəndaş cəmiyyətinin qurulması və inkişafı istiqamətində gənclər təşkilatlarının nüfuzu ildən-ilə artmaqdadır.
Əminəm ki, milli-mənəvi sərvətlərimizi, adət-ənənələrimizi qoruyub yaşadan, ümumbəşəri dəyərlərə sadiq və dünyanın qabaqcıl nailiyyətlərinə yiyələnməyə qadir olan Azərbaycan gəncliyi ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, iqtisadiyyatın, elmin, təhsilin və mədəniyyətin inkişafı naminə bundan sonra da var qüvvəsini səfərbər edəcəkdir.
Ümidvaram ki, sizin bu ali məclisiniz ötən dövr ərzində görülən işləri qiymətləndirəcək, qarşıdan gələn illər üçün gənclər siyasətinin əsas problemlərini müəyyənləşdirəcək, qəbul olunmuş qərarların icrasına ölkənin bütün gənc qüvvələrini səfərbər edəcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 oktyabr 2008-ci il.