Azərbaycan gimnastı “AGF Trophy”də daha bir medala yiyələnib
Bakı 5 aprel, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan təmsilçisi Gövhər İbrahimova lent proqramında bürünc medal əldə edib. Gövhər, həmçinin halqa ilə hərəkətlərdə eyni uğura imza atıb.
Daha əvvəl Fidan Qurbanlı top proqramında gümüş medal qazanıb.
Digər idmançı Azadə Atakişiyeva lent proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin topla hərəkətlərin icrasında ikinci olub.
Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş medala yiyələnib.
On beş ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun vurulacaq.
Müxbir - Cavid Əliyev
Foto - İlkin Cavanşirov