AZƏRBAYCAN GİMNASTLARI AVROPA ÇEMPİONATINA YOLA DÜŞMÜŞLƏR
Belə mötəbər birincilikdə ölkəmizi Zeynəb Cavadlı və Leyla Şamilova təmsil edəcəklər. Z.Cavadlının yeniyetmələr arasında aşkar liderliyini bu yaxınlarda Bakıda olmuş Rusiya yığmasının baş məşqçisi İrina Viner də təsdiq etmişdi. Yığma komandanın məçqçilərinin fikrincə isə, Leyla Şamilova son yarışlarda və çempionatqabağı toplantılarda rəfiqələrindən daha sabit və çevik görünürdü.
Nəhayət, qrup hərəkətləri komandaları arasında Azərbaycanı Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Səbinə Alxazova təmsil edəcəkdir.
Builki çempionatın formulu və formatı əvvəlkilərdən seçilir. Bu dəfə komanda hesabında Avropa çempionunu yeniyetmələr müəyyən edəcəklər. Odur ki, Cavadlı və Şamilovanın toplayacağı ballar təkcə ayrı-ayrı növlərdə finala buraxılış vəsiqəsi olmayacaq, həm də yekun cədvəlində yerlərin paylanmasında mühum rol oynayacaqdır. Zeynəb halqa, gürz və lentlə üç növ hərəkətləri yerinə yetirəcək, Leyla isə iplə çıxış edəcəkdir. Xatırladaq ki, komanda hesabında hazırkı Avropa çempionu Rusiyadır, Azərbaycan isə ötənilki çempionatın yekunlarına görə qitədə beşinçi yeri tutur.
Qarayeva və Qurbanova Avropa birinciliyi uğrunda çoxnövçülüyün finalında, qrup komandaları isə 5 lent və 3 halqa/4 gürzlə finala çıxmış 8 komanda arasında yer tutduqdan sonra mütləq birincilikdə yarışacaqlar.
Yığmamızı Moskvada Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun başçılığı ilə rəsmi nümayəndə heyəti müşayiət edəcəkdir. Federasiyanın mətbuat xidmətindən bildirmişlər ki, çempionat zamanı nümayəndə heyətimizin Avropa Gimnastika İttifaqının rəhbərliyi və qitə federasiyalarının başçıları ilə görüşləri planlaşdırılır.