Azərbaycan hərbi dənizçiləri “Xəzər Kuboku–2016” müsabiqəsində mükafatlandırılıb
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan hərbi dənizçilərinin də iştirak etdikləri “Beynəlxalq Ordu Oyunları -2016” yarışları çərçivəsində keçirilən “Xəzər kuboku - 2016” müsabiqəsinə yekun vurulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mükafatlandırma mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini, birinci dərəcəli kapitan Sübhan Bəkirov, Rusiya Federasiyası Xəzər Donanmasının komandanı, kontr-admiral Sergey Pinçuk və Dağıstan Muxtar Respublikasının rəsmi nümayəndələri iştirak ediblər.
“G-124” gözətçi gəmisinin zabiti, baş leytenant İsrail Məmmədov nümayiş etdirdiyi bacarıq və peşəkarlığa görə fərdi mükafata layiq görülüb.
“Xəzər kuboku - 2016” müsabiqəsində ümumi nəticələrin bal hesabına uyğun olaraq, komandamız ikinci yerə layiq görülərək xüsusi medalla təltif edilib.