Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə edib
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov Türkiyənin paytaxtı Ankara şəhərində “Beynəlxalq türk mədəniyyəti və sənəti” mövzusunda keçirilən simpoziumda onlayn iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumun açılış mərasimində Azərbaycanın haqq davasına dəstək nümayiş etdirilib, “Qarabağ şikəstəsi” səsləndirilib.
Ə.Niyazov tədbirdə “Qafqazda XIX əsr irfan hərəkatı və onun ictimai-sosial töhfələri” mövzusunda çıxış edib. O, məruzəsində XIX əsrin əvvəllərindən etibarən İsmayıl Siracəddin Şirvani ilə mədrəsə zəminində yayılan maarifçilik hərəkatından bəhs edib.
Məruzəçi vurğulayıb ki, İsmayıl Siracəddin Şirvani Qafqazda XIX əsr irfan hərəkatının nümayəndəsi olaraq, kamil insan prinsipləri aşılayıb, ictimaiyyətə maariflənmə və vəhdət kimi birgəyaşayış ənənələrini təlqin edib. Bu hərəkat bölgədə yüz il ərzində ictimai baxımdan böyük islahatçılıq işləri həyata keçirib.
Əhməd Niyazov hərəkatın nəticələrindən bəhs edərkən bildirib ki, sistemli təhsil ənənəsi ilə köklənmiş elm-irfan hərəkatı bölgəyə xas bəzi nümunələr meydana gətirib. Bunun ən böyük töhfəsi dini mənsubiyyət və məzhəb müxtəlifliyinə baxmayaraq, bütün sosial qrupların tolerant mühitdə birgəyaşayış ənənəsindən bəhrələnməsidir.