Azərbaycan ilə Bolqarıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi yolları müzakirə edilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Bolqarıstanın ölkəmizdəki səfiri xanım Maya Xristova Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) olmuşdur.
ASK-dan AZƏRTAC-a bildirmişlər ki, burada keçirilən görüşdə Azərbaycanda diplomatik fəaliyyət göstərməsindən şərəf duyduğunu dilə gətirən səfir Maya Xristova Bolqarıstan və Azərbaycan iqtisadiyyatı arasında körpü yaratmaq niyyətindən bəhs etmişdir.
2009-cu ildə iki ölkə arasında iqtisadi sahələri əhatə edən önəmli sənədlər imzalandığını söyləyən səfir Azərbaycanın Energetika Nazirliyi və Bolqarıstanın İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq memorandumun müstəsna rolundan söz açmışdır. Son illər ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan diplomat bildirmişdir ki, iqtisadi əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün hər iki ölkədə böyük potensial vardır.
Azərbaycanda 500 minədək sahibkarın fəaliyyət göstərdiyini deyən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirmişdir ki, sahibkarların hüquqlarının müdafiəçisi olan konfederasiya özündə 70-dək assosiasiyanı birləşdirir.
Azərbaycanla Bolqarıstan arasında iqtisadi əlaqələrə toxunan M. Musayev qarşılıqlı əməkdaşlığa hazır olduqlarını söyləmiş, ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən bolqar iş adamlarına ASK tərəfindən hər zaman lazımi dəstək göstəriləcəyini demişdir. O qeyd etmişdir ki, Azərbaycanda əlverişli biznes mühiti yaradılmış və respublikamız artıq investisiya ixrac edən ölkəyə çevrilmişdir. ASK-nın prezidenti bolqarıstanlı iş adamlarını fəal əməkdaşlığa və müştərək fəaliyyətə dəvət etmişdir. İki ölkə sahibkarlarının birgə işgüzar fəaliyyəti, qarşılıqlı əməkdaşlığı üçün ASK-nın əlaqələndirici mövqe tutacağını diqqətə çatdıran M. Musayev vurğulamışdır ki, müxtəlif çeşidli, keyfiyyətli Bolqarıstan məhsulları üçün Azərbaycanda müştəri problemi olmayacaqdır.