Azərbaycan ilə Niderland Krallığı arasında aqrar sahədə əməkdaşlıq əlaqələri müzakirə edilmişdir
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Senatı Birinci Palatasının üzvü, senator Rene van der Linden ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşün məqsədi iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin müzakirəsi olmuşdur.
Nazir Heydər Əsədov iki ölkə arasında aqrar sahədə mövcud əməkdaşlıq barədə danışmışdır. Azərbaycanda aqrar sahədə hökumət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsində Niderland Krallığı hökuməti layihələrinin, təlim və seminarların əhəmiyyətini qeyd edən nazir iki ölkə arasında kənd təsərrüfatı sahəsində uğurla həyata keçirilmiş layihələrdən söz açmışdır.
Nazir Azərbaycandan Niderland Krallığına kənd təsərrüfatı məhsullarının ixracı zamanı yerli sahibkarların üzləşdikləri başlıca maneələri qeyd etmişdir. Vurğulanmışdır ki, bu sahədə ticarətin qarşılıqlı şəkildə asanlaşdırılması və daha da artırılması məqsədilə iki ölkənin müvafiq qurumları arasında fitosanitariya və baytarlıq sahəsində hüquqi sənədlərin imzalanması zəruridir.
Heydər Əsədov Niderland Krallığı tərəfindən aqrar sahədə təcrübə və mütəxəssis mübadiləsi kimi texniki layihələrin həyata keçirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində bu ölkənin təcrübəsindən yararlanmaq, damazlıq və cins mal-qara yetişdirilməsi, süni mayalama və kənd təsərrüfatı heyvanlarının identifikasiyası sahəsində birgə layihələrin həyata keçirilməsi və digər təkliflər vermişdir.
İki ölkə arasında aqrar sahədə mövcud əməkdaşlığı yüksək qiymətləndirən Rene van der Linden Niderlandın kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu qeyd etmiş, əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürmüşdür.
Rene van der Linden 2014-cü ilin aprel ayında Bakıya səfərə gələcək kənd təsərrüfatı sahəsi üzrə nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirmişdir.
Görüşdə bu məsələ ilə bağlı da müzakirələr aparılmışdır.
Tədbirdə Niderland Krallığının Azərbaycandakı səfiri Robert Jan Qabrielsen iştirak etmişdir.