AZƏRBAYCAN İLƏ UKRAYNA ARASINDA BÜTÜN SAHƏLƏRDƏ ƏLAQƏLƏR YÜKSƏK SƏVİYYƏDƏ İNKİŞAF EDİR
Nazir E.Məmmədyarov Azərbaycan və Ukrayna arasında əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar müstəvidə yüksək səviyyədə inkişaf etdiyini vurğulamış, Ukrayna Prezidenti Viktor Yuşşenkonun bu yaxınlarda ölkəmizə səfərinin ikitərəfli münasibətlərə böyük töhfə verdiyini qeyd etmişdir. O, həmçinin ikitərəfli münasibətlərin humanitar aspektinə toxunaraq, Ukraynada çoxlu azərbaycanlının yaşadığını nəzərə çatdırmışdır.
Dövlətlərimizin maraqlarının siyasi müstəvidə bir sıra sahələrdə üst-üstə düşdüyünü bildirən E.Məmmədyarov, beynəlxalq forumlarda, GUAM daxilində qarşılıqlı etimadın yarandığını diqqətə çatdırmışdır. BMT Baş Məclisinin 61-ci sessiyasında GUAM-ın dondurulmuş münaqişələrlə bağlı qaldırdığı məsələni yüksək qiymətləndirən nazir, beynəlxalq ictimaiyyətin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, qaçqınların və məcburi köçkünlərin problemlərinə diqqətinin artırılmasının vacibliyini qeyd etmişdir.
Görüşdə regionda həyata keçirilən irimiqyaslı iqtisadi, infrastruktur layihələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.