Azərbaycan komandası Sankt-Moritz qar polosu turnirində “La Martina” kubokunun qalibi olub
Bakı, 29 yanvar, AZƏRTAC
İsveçrənin Sankt-Moritz şəhərində qar polosu üzrə dünya kuboku yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi “Odlar Yurdu Azərbaycan” komandası təmsil edib.
Turnirdə ilk olaraq “Cartier” və “Badrutt’s Palace” komandaları arasında oyun keçirilib. “Badrutt’s Palace” komandası üçün gözləntilər yüksək olsa da, ilk atışdan qırmızı formalı “Cartier” komandası oyunda üstünlüyü ələ alıb. “Badrutt’s Palace” komandasının səylərinə baxmayaraq “Cartier 5-2 hesabı ilə qalib olub.
Günün ikinci matçında “Maserati” bu ilin yeni iştirakçısı “Odlar Yurdu Azərbaycan”a qarşı mübarizə aparıb. Oyun “Maserati” 2-1.5 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirinin sonuncu günündə “La Martina” kuboku uğrunda “Odlar Yurdu Azərbaycan” və “Badrutt's Palace” komandaları qarşılaşıb. Bu il yarışlarda ilk dəfə iştirak etməsinə baxmayaraq Azərbaycan təmsilçisi ən güclü polo komandalarından geri qalmayaraq 5-4 hesabı ilə qalib gələrək üçüncü yerin və “La Martina” kubokunun qalibi olub.
Finalda isə “Cartier” komandası 4.5-4 hesabı ilə “Maserati”ni məğlub edərək turnirin çempionu olub.