Azərbaycan kubokunda yarımfinal mərhələsinə "Qəbələ" - "Qarabağ" oyunu ilə start verilib
Bakı, 20 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 20-də futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə Asif Məmmədov hesabı açıb. Matçın 16-cı dəqiqəsində İsmayıl İbrahimli bərabərlik qolunu vurub. Qarşılaşmanın 87-ci dəqiqəsində İbrahima Vadji Ağdam təmsilçisini önə keçirib. Oyunun 90+3-cü dəqiqəsində isə Kadi Borges penaltidən fərqlənib.
Komandalar arasındakı cavab qarşılaşması aprelin 29-da "Azersun Arena"da olacaq.