Azərbaycan-Macarıstan arasında ticarət dövriyyəsinin artırılması əsas hədəflərdən biridir - Açıqlama
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan və Macarıstan arasında strateji əməkdaşlıq uzun müddətdir mövcuddur. İki ölkə arasında dostluq münasibətləri iqtisadi-ticari əlaqələrin də son vaxtlar sürətlə inkişaf edərək yeni mərhələyə qədəm qoymasına imkan yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.
Onun sözlərinə görə, 2010-cu ildən etibarən aktivləşən siyasi əlaqələr strateji tərəfdaşlığa qədər yüksəlib. 2014-cü ildən sonra iki ölkə arasında münasibətlərdə əməkdaşlığın yeni mərhələsi başlayıb. Hər iki ölkə strateji əməkdaşlıq haqqında sazişə imza atıb.
“Keçən il Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Beləliklə, ikitərəfli dostluq əlaqələri çoxtərəfli milli maraqlara xidmət edən platformaların yaradılmasına imkan yaratdı. Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycan ilə Macarıstan arasında bu sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Macarıstan regionda ən böyük təbii qaz anbarına malikdir və iki ölkə arasında qazın nəqlinə dair əməkdaşlığın qurulması hər iki tərəfə strateji perspektivlər vəd edir. Azərbaycan qazının qarşıdakı dövrdə Macarıstana təhlükəsiz şəkildə nəql olunması regionun taleyinə mühüm təsir edəcək”,- deyə komitə sədri diqqətə çatdırıb.
Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə macar şirkətlərinin işlərinə gələn ildən start veriləcək. Ərazilərimizin bərpa olunmasında onların da töhfəsi gözlənilir.
“Azərbaycan-Macarıstan arasında ticarət dövriyyəsinin artırılması əsas hədəflərdən biridir. Fikrimizcə, əməkdaşlığın müxtəlif formalarının tapılması ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Macarıstana səfəri və orda keçirilən görüşlər Avropa İttifaqı ölkələri ilə Azərbaycanın siyasi və iqtisadi münasibətlərinin daha da inkişafına xidmət edəcək. Enerji təhlükəsizliyi, tranzit nəqliyyat dəhlizləri, etibarlı tərəfdaşlıq məsələlərində Avropa ölkələrinin Azərbaycanla əməldaşlığa can atması Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi diplomatıyasının mühüm uğurlarındandır”,- deyə Tahir Mirkişili qeyd edib.