ELM VƏ TƏHSİL
Azərbaycan memarlıq abidələrinə həsr olunmuş nəşr
![](/files/galleryphoto/2023/2/1200x630/16848330324248841806_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16848330322291341282_1200x630.jpeg)
Bakı, 23 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun kolleksiyası əsasında “Azərbaycan memarlıq abidələri rəsm əsərlərində” adlı kataloq hazırlanıb və çap olunub.
Nəşrin müəllifi, muzeyin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova AZƏRTAC-a müsahibəsində bildirib ki, kataloqda Azərbaycan və rus rəssamlarının Azərbaycanın maddi mədəniyyət nümunələrini, daş yaddaşı olan memarlıq abidələrini əks etdirən ümumilikdə 37 əsəri yer alıb. Nəşrdə bu mövzu ilə əlaqəli bir sıra digər əsərlərin siyahısı da verilib.
Kataloqun hazırlanmasında məqsəd illər öncə yüksək dəyərlərə malik memar-ustaların inşa etdikləri Azərbaycan memarlığının şah əsərlərini rəssam fırçası ilə əks etdirən sənətkarların əsərləri vasitəsilə mədəniyyətimizin mükəmməlliyini və qədimliyini bir daha sübut etməkdir.
Danılmaz faktdır ki, hazırda Qarabağda gedən quruculuq tədbirlərində bu əsərlərdən bir informasiya daşıyıcısı, fakt kimi istifadə etməklə həmin abidələri yenidən bərpa etmək mümkündür.
Nəşrin elmi redaktoru muzeyin direktoru akademik Nailə Vəlixanlıdır.