Azərbaycan millisinin kapitanı: Bəzi komandalar "Qarabağ"dan çox şey öyrənməlidir
Bakı, 23 fevral, AZƏRTAC
"Bəzi komandalar "Qarabağ"dan çox şey öyrənməlidir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Zəhra Hüseynli UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sını mübarizədən kənarlaşdıraraq 1/8 finala vəsiqə qazanan "Qarabağ"ın tarixi uğuru barədə danışarkən deyib.
Müdafiəçi mövqeyində çıxış edən oyunçu ən çox kişi futbolunu izlədiyini bildirib: "Ötən gün "Qarabağ"ın tarix yazdığı matçı izlədim. Həqiqətən də Azərbaycan üçün böyük uğur idi. Bu komandanın heyətində çıxış edən hər futbolçu yüksək səviyyəli oyun nümayiş etdirir".
O, Ağdam təmsilçinin heyətində bəyəndiyi futbolçunun adını da çəkib: "Abdullah Zubiri çox bəyənirəm. Əla texnikası var. Dünya futbolunda isə "Liverpul"un niderlandlı müdafiəçisi Vircil Van Deykin pərəstişkarıyam".
Z. Hüseynli on doqquz yaşadək Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlardan da söz açıb: Mart ayının sonlarında yığma bir yerə toplanacaq. Avropa çempionatının seçmə mərhələsində aprelin 3-ü Bolqarıstan, 6-sı Latviya və 9-u Monteneqro ilə üz-üzə gələcəyik. Çətin olacaq, amma sərfəli nəticə qazanmaq istəyirik".
Qubada keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransında iştirak edən idmançı bu cür tədbirlərin keçirilməsinin müsbət addım olduğunu söyləyib. Onun fikrincə, hər bir idmançı öz sağlamlığına diqqət ayırmalı və zərərli vərdişlərdən uzaq olmalıdır.