SİYASƏT
Azərbaycan multikulturalizmi Bolqarıstanda
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bolqarıstanın mədəniyyət nazirinin müşaviri, professor Nikolay Ovçarov, bu ölkənin “Standart” qəzetinin baş redaktoru Slavka Buzukova ilə görüşüb.
Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanda dərin tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən milli, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi üçün atılan mütərəqqi addımlardan, Azərbaycan multikulturalizminin dünyanın 20-dən çox universitetində akademik şəkildə öyrənilməsindən söz açıb. Bu sırada Bolqarıstanın Kliment Orxidski adına Sofiya Dövlət Universitetinin olduğunu da bildirib. Dövlət müşaviri müxtəlif ölkələrdə mədəniyyət və təhsil istiqamətində Heydər Əliyev Fondunun, xüsusən Fondun rəhbəri Mehriban Əliyevanın fəaliyyətinin multikulturalizmin dünyada təbliğinə bariz nümunə olduğunu qeyd edib.
“Standart” qəzetinin baş redaktoru Slavka Buzukova ölkəsində Azərbaycan haqda geniş məlumatın olduğunu, lakin bir sıra sahələrdə bu informasiyaların daha da dərinləşdirilməsinə ehtiyac duyulduğunu bildirib. Bu mənada “Standart” qəzetinin mütəmadi şəkildə Azərbaycan tarixi, mədəniyyəti, tarixi şəxsiyyətləri haqqında yazılar dərc etdiyini deyən baş redaktor Azərbaycanda səfərdə olduğu müddətdə gördüyü inkişaf və tərəqqi, tolerantlıq və multikulturalizmin Azərbaycan nümunəsi haqda bundan sonra daha ətraflı bilgilərin bolqar oxuculara çatdırılacağını bildirib. O, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinin Bolqarıstanda yüksək dəyərləndirildiyini söyləyib.