AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN MİSİRƏ SƏFƏRİ DAVAM EDİR
Azərbaycanın Misirdəki səfirliyindən bildirmişlər ki, Əli Əhmədov iyunun 26-da MƏR Xalq Məclisinin sədri Əhməd Fəthi Sürurla görüşmüşdür. Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Milli Məclisdə Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyi qeyd olunmuş, yaxın zamanlarda Misir parlamentində də belə bir qrupun yaradılacağı bildirilmişdir.
Azərbaycan nümayəndə heyəti iyunun 27-də “Əl-Əzhar” Dini Mərkəzinin şeyxi Məhəmməd Tantavi ilə görüşmüşdür. Əli Əhmədov Azərbaycanla Misir arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyindən danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər, Azərbaycana vurulan ziyan, qaçqın və məcburi köçkünlərimizin ağır vəziyyəti, eləcə də bu günlərdə Bakıda keçirilmiş İslam Konfransı Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin 33-cü konfransında müzakirə olunmuş məsələlər və qəbul edilmiş qərarlar barədə ətraflı məlumat vermişdir.
Şeyx Məhəmməd Tantavi ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşilikləri və etnik münaqişəni insanlığa qarşı təcavüz kimi qiymətləndirmiş, beynəlxalq təşkilatların bu məsələyə hələ də ədalətli qiymət vermədiyini təəssüflə qeyd etmişdir. O, Misirin Azərbaycanın haqq işini daim dəstəklədiyini vurğulamışdır.
Həmin gün Azərbaycan nümayəndə heyətinin başçısı Əli Əhmədov Misirin nüfuzlu mətbuat orqanlarına müsahibə vermişdir.
Səfirlikdən onu da bildirmişlər ki, nümayəndə heyətinin Misirə səfərini bu ölkənin kütləvi informasiya vasitələri maraqla qarşılamışlar və səfərlə bağlı geniş məlumatlar dərc edirlər.