Azərbaycan ombudsmanı Düşənbə şəhərində beynəlxalq elmi-praktik konfransda iştirak edib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan ombudsmanı Elmira Süleymanova Tacikistanın insan hüquqları üzrə müvəkkili tərəfindən Düşənbə şəhərində təşkil olunan “Tacikistan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Orta Asiya ölkələrinin insan hüquqları üzrə ombudsmanları və ekspertləri ilə yanaşı, dövlət orqanlarının rəhbərləri, ATƏT, Avropa İttifaqı, BMT və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, milli hüquq müdafiə təşkilatlarının və digər beynəlxalq qurumların, eləcə də elmi ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Beynəlxalq konfrans çərçıvəsində milli insan hüquqları institutlarının indiki dövr üçün dörd əsas istiqamət üzrə fəaliyyətləri nəzərdən keçirilib. Tədbir çərçivəsində Mərkəzi Asiya ölkələrində milli insan hüquqları institutlarının yaradılması, qazanılan təcrübələr, nailiyyətlər, problemlər və regional əməkdaşlığın perspektivləri, Paris prinsiplərinin milli insan hüquqları qurumlarının fəaliyyətində tətbiqi və digər mövzular üzrə sessiyalarda geniş fikir mübadiləsi aparılıb.
"İnsan hüquqları sahəsində beynəlxalq öhdəliklərin həyata keçrilməsində milli insan hüquqları institutlarının rolu" mövzusuna həsr olunmuş sessiyada E.Süleymanova “Ombudsmanın fəaliyyətində beynəlxalq hüquqi normalar” mövzusunda geniş məruzə ilə çıxış edib və Azərbaycanın zəngin təcrübəsi haqqında geniş məlumat verib.
Çıxışında müvəkkil Azərbaycan ombudsman təsisatının milli insan hüquqları institutu olaraq Paris prinsipləri əsasında fəaliyyət göstərən müstəqil bir qurum olduğu və müvəkkil mandatı çərçivəsində insan hüquqlarının müdafiəsində, vətəndaş mühitinin qorunmasında, insan hüquqlarının və qanunun aliliyinin təşviq edilməsində, vətəndaş cəmiyyətinin dəstəklənməsində bütün imkanlarından istifadə etdiyini və əməkdaşlığa hər zaman açıq olduğunu qeyd edib.
O bildirib ki, Azərbaycan ombudsmanının təşəbbüsü ilə insan hüquqları üzrə müvəkkil yanında müxtəlif qeyri-hökumət təşkilatlarının və müstəqil ekspertlərin, hüquq müdafiəçilərinin təmsil olunduğu müstəqil ekspertlər şurası fəaliyyət göstərir. Bu şura ölkədə insan hüquqlarının əsas istiqamətləri üzrə vəziyyətin təhlil edilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq hüquqi sənədlərin implementasiyası üzrə təkliflərin hazırlanması işinə mühüm töhfələr verir.
Elmira Süleymanova ombudsmanın heç bir ayrı-seçkiliyə yol vermədən əhalinin bütün qruplarının, o cümlədən artıq 30 ilə yaxındır ki, davam edən erməni təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərdiyini bildirib.
Səfər çərçivəsində Mərkəzi Asiya milli insan hüquqları təsisatlarının nümayəndələri ilə fikir mübadilələri aparılıb, insan hüquqlarının prioritet məsələləri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.