Azərbaycan “OPEC plus”da fəal iştirakçı kimi qlobal enerji dialoqlarında mühüm rol oynayır
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmasa da, “OPEC plus” formatında bu qurumla sıx əməkdaşlıq edir. “OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır. Azərbaycan bu bazarın əsas iştirakçılarından biri kimi qlobal bazarda baş verən proseslərə biganə qalmır, neftin qiymətinə təsir edən faktorların aradan qaldırılması, tələb-təklif balansının bərpasına yönəlmiş tədbirlərin görülməsi üçün qlobal enerji dialoqlarında mühüm rol oynayır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Milli Məclisin deputatı qeyd edib ki, ölkəmiz davamlı olaraq “OPEC plus” ölkələri nazirlərinin iclasında təmsil olunaraq, qlobal neft bazarında volatilliyin azaldılmasına dəstək məqsədilə qəbul edilən qərarları dəstəkləyir.
Onun sözlərinə görə, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysın ölkəmizə səfəri bu qurumla Azərbaycan arasında səmərəli əməkdaşlığın bir daha təzahürdür. Azərbaycan “OPEC plus” ölkələri arasında uğurlu əməkdaşlıq həyata keçirir, ilk gündən bu əməkdaşlığa böyük töhfə verir.
Deputat əlavə edib ki, Azərbaycan hazırda dünyada “yaşıl enerji” sahəsində əldə edilən irəliləyişlərlə bərabər, ənənəvi yanacağın oynadığı vacib rolu nəzərə alaraq, bu sahədə ətraf mühitə zərərin azaldılması baxımından yeni texnologiyaların tətbiqinə də xüsusi əhəmiyyət verir. Bu məsələdə OPEC-lə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.