Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş tədbir
Bakı, 6 sentyabr, AZƏRTAC
“Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 53 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri İlqar Dadaşov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Milli Olimpiya Komitəsinin OCEP layihəsinin koordinatoru Namiq Cəfərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Öncə qonaqlar məktəbdə yaradılmış STEAM kabineti və təlim-tədris şəraiti ilə yaxından tanış olublar.
Məktəbin direktoru Tünzalə Zeynalova “Qardaşlaşmış məktəblər” və OCEP layihəsi çərçivəsində görülən işlərdən bəhs edib.
Daha sonra məktəbin Heydər Əliyev muzeyində şagird-müəllim kollektivinin Özbəkistana səfəri və məktəbin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.
Görüşdə eyni soykökə və adət-ənənələrə malik Azərbaycan-Özbəkistan əlaqələrinin tarixindən, bu gün də yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilən əməkdaşlıqdan və müvafiq layihələrin əhəmiyyətindən danışılıb.
Həmçinin Azərbaycanın Özbəkistan, eyni zamanda, digər türk ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığının ölkələrimiz və xalqlarımızın, eləcə də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verildiyi diqqətə çatdırılıb.