Azərbaycan Premyer Liqası: liderlərin qarşılaşmasında qalib müəyyənləşməyib
Bakı, 10 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. Qış fasiləsindən sonra XV turun oyunları keçirilir. Turun mərkəzi matçı Bakıda oynanılıb. “Azərsun Arena”da turnir cədvəlinin iki lideri - “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, baş hakim İnqilab Məmmədov idarə etdiyi görüşdə hesab açılmayıb.
Ağdam komandasının üstünlüyü şəraitində keçən görüşün ilk hissəsində “Qarabağ”ın futbolçuları Dani Kintana, Mahir Mədətov, Pedro Enrike yaranmış qol imkanlarından yararlana bilməyiblər.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ikinci hissəsində də hər iki komandanın cəhdlərinə baxmayaraq hesab açılmayıb. Oyuna əlavə edilmiş dəqiqələrdə Dani Kintana komandasını hesabda irəli çıxarmaq imkanını əldən verib. Belə ki, onun uzaqdan vurduğu zərbəni “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı dəf edib.
Beləliklə, çempionatın qızıl medalları uğrunda mübarizə aparan “Qarabağ” və “Qəbələ” komandaları arasında görüş 0:0 hesabı ilə başa çatıb.
Bu görüşdən sonra xallarının sayını 38-ə çatdıran “Qarabağ” ən yaxın izləyicisi “Qəbələ” ilə 6 xallıq fərqi qoruyub.
Qeyd edək ki, “Qəbələ” və “Qarabağ” indiyədək 46 dəfə qarşılaşıb. Bu oyunların 18-i Ağdam komandasının, 11-i isə qəbələlilərin qələbəsi ilə yekunlaşıb, 16 matç heç-heçə nəticələnib.
XV tur çərçivəsində bu gün keçirilən “Zirə”-“Sumqayıt” oyununda da qalib müəyyənləşməyib - 1:1.
Hazırda turnir cədvəlinə 38 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 32 xalla ikinci, “Zirə” 31 xalla üçüncü, “Sumqayıt” 21 xalla dördüncü, “Neftçi” 16 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (13 xal), “Keşlə” (8 xal) və “Kəpəz” (7 xal) qərarlaşıb.
Tura fevralın 11-də yekun vurulacaq. Həmin gün “İnter Arena”da “Keşlə” komandası “Səbail”i, “Bakcell Arena”da isə “Neftçi” klubu “Kəpəz”i qəbul edəcək.