AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ KONQRESİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Prezident sarayında ABŞ Konqresinin Nümayəndələr palatasının Nəzarət və hökumət islahatları komitəsinin Milli təhlükəsizlik və xarici əlaqələr üzrə alt komitəsinin sədri Con Tierninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Con Tierni Azərbaycanda böyük quruculuq işlərinin aparılmasının şahidi olduğunu söylədi. Qonaq Prezident İlham Əliyevin keçən il ABŞ-a rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə mühüm töhfə verdiyini və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın son dövrlərdə bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə böyük nailiyyətlər qazandığını və ölkəmizdə mühüm inkişaf proseslərinin getdiyini vurğuladı. Azərbaycan Prezidenti ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini söylədi.