AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYANIN LÜDVİQSHAFEN ŞƏHƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında Almaniyanın Lüdviqshafen şəhərinin meri xanım Yeva Louzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Son iki ilyarım ərzində iki dəfə Almaniyada rəsmi səfərdə olduğunu qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında sonuncu səfərini xatırlayaraq, bu səfər zamanı Almaniyanın Kansleri və eləcə də iş adamları ilə keçirdiyi müxtəlif səviyyəli görüşlərin əməkdaşlığımızın inkişafı baxımından əhəmiyyətli olduğunu bildirdi.
Dövlətimizin başçısı qardaşlaşmış şəhərlər olan Sumqayıt ilə Lüdviqshafen arasında əməkdaşlığın da ikitərəfli münasibətlərimizin inkişafına töhfələr verəcəyinə əminliyini söylədi.
Lüdviqshafen şəhərinin meri xanım Yeva Louze Azərbaycanla tanışlığın onlarda böyük təəssürat oyatdığını bildirdi, Sumqayıt şəhəri ilə əməkdaşlığa xüsusi önəm verdiklərini vurğuladı.