AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ASTANA ŞƏHƏRİNDƏ VƏTƏNİN MÜDAFİƏÇİSİ ABİDƏSİ ÖNÜNƏ ƏKLİL QOYMUŞDUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Astana şəhərində ucaldılmış “Vətənin müdafiəçisi” abidə kompleksini ziyarət etmişdir. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovulun rəisi Azərbaycan Prezidentinə raport verdi. 
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, vətən uğrunda canlarından keçmiş Qazaxıstan oğullarının xatirəsini ehtiramla andı.
Azərbaycanın və Qazaxıstanın dövlət himnləri ifa olundu.
Prezident İlham Əliyevə müharibə qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi üçün dövlət səviyyəsində görülən tədbirlər barədə məlumat verildi.
Fəxri qarovul dəstəsi hərbi marşla Azərbaycan Prezidentinin qarşısından keçdi.
Dövlətimizin başçısı kompleksin ərazisindəki fəxri qonaqlar xiyabanında ağac əkdi.

Sonra Prezident İlham Əliyev Sülh və Həmrəylik Sarayına gəldi. Prezidentə məlumat verildi ki, buranın inşası 2006-cı ilin iyulun 1-də başa çatdırılmışdır. İngiltərə və Türkiyə memarlarının birgə layihəsi əsasında tikilmişdir. Tolerantlıq rəmzi daşıyan bu sarayda dünyəvi və ənənəvi dinlərin nümayəndələrinin tədbirləri keçirilir.
Azərbaycan Prezidentinə saray və Qazaxıstan paytaxtının inkişaf planı barədə geniş məlumat verildi.
Dövlətimizin başçısı sarayın Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“Sülh və Həmrəylik Sarayı ilə böyük maraqla tanış oldum. Nadir
arxitekturası ilə yanaşı, Sarayın funksional əhəmiyyəti də böyük təəssürat bağışlayır. Bu bina Qazaxıstanda hökm sürən sülh və tərəqqinin simvoludur.
Astananın inkişafının baş planı özünün miqyası və ətraflı düşünülməsi ilə heyranlıq doğurur.
Arzu edirəm ki, qardaş qazax xalqının bütün planları həyata keçsin.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
8.08.2007”.
X X X
Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərinin sonunda ölkəmizin Astanadakı səfirliyinin yeni binası ilə də tanış oldu. Burada səfirliyin əməkdaşları ilə görüşən dövlətimizin başçısı diplomatik korpusun iş şəraiti ilə maraqlandı, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi üçün onlara səmərəli fəaliyyət göstərmələri ilə bağlı tapşırıqlar verdi.