AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ASTANAYA GƏLMİŞDİR
Azərbaycanın və Qazaxıstanın dövlət bayraqları ilə bəzədilmiş Astana hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi təyyarənin pilləkənləri yanında Qazaxıstanın xarici işlər naziri Qasımcomərd Tokayev, energetika və mineral ehtiyatlar naziri Vladimir Şkolnik, Qazaxıstanın Bakıdakı səfiri Andar Şukputov, Azərbaycanın Astanadakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar.
Milli geyimli qızlar respublikamızın rəhbərinə və onun xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim etdilər.
Hərbi orkestrin ifasında Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan dövlətinin başçısına raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə Astanada onun üçün ayrılmış iqamətgaha yola düşdü.