AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ PREZİDENTİ ADMİNİSTRASİYASININ BAŞ KATİBİ MUSTAFA İSENİ QƏBUL ETMİŞDİR
Bakı, 19 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Türkiyə Respublikası Prezidenti Administrasiyasının baş katibi Mustafa İseni qəbul etmişdir.
Mustafa İsen Türkiyə Prezidenti Abdullah Gülün salamlarını və Novruz bayramı münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. O, 1994-cü ildən başlayaraq Azərbaycana artıq dördüncü dəfə səfər etdiyini deyərək, ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında Bakının və ümumilikdə Azərbaycanın böyük inkişafa nail olduğunu görməkdən məmnunluğunu ifadə etdi.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün salamlarına və Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını və bayram təbriklərini Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.
######
