RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ İORDANİYA UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 29-da Əmmanda Azərbaycan Prezidenti İlham Əliyevə İordaniya Universitetinin siyasi elmlər üzrə Fəxri doktoru adı verilməsi münasibətilə mərasim keçirilmişdir.
Dövlətimizin başçısı əvvəlcə universitetin Elmi Şurasının üzvləri ilə görüşdü, burada ali məktəbin Fəxri doktoru mantiyasını geyindi.
Azərbaycan Prezidentinin salona gəlişi hərarətli alqışlarla qarşılandı.
Azərbaycanın və İordaniyanın dövlət himnləri səsləndirildi.
Universitetin rektoru, professor Hani Dumor Prezident İlham Əliyevin tərcümeyi-halı barədə məlumat verdi, Elmi Şuranın qəbul etdiyi qərarı elan etdi. Bildirildi ki, Azərbaycan Prezidentinə bu yüksək fəxri ad İordaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq aləmdə sülhün, təhlükəsizliyin bərqərar olunması sahəsindəki fəaliyyətinə görə verilmişdir.
Sonra o, Fəxri doktor diplomunu və digər nişanələri dövlətimizin başçısına təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək, onun fəaliyyətinə verdikləri yüksək qiymətə görə ali məktəbin Elmi Şurasına minnətdarlığını bildirdi. Dövlətimizin başçısı, ölkələrimiz arasındakı əlaqələrin inkişafından, Azərbaycanda həyata keçirilən islahatlardan, beynəlxalq layihələrdən və onların əhəmiyyətindən danışdı, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkarlıq siyasətindən, Dağlıq Qarabağ münaqişəsindən və onun həlli yollarından bəhs etdi, Ermənistanın beynəlxalq təşkilatların, o cümlədən İslam Konfransı Təşkilatının qəbul etdiyi qərar və qətnamələrə əməl etmədiyini vurğuladı. Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artdığını bildirən dövlətimizin başçısı ölkəmizin zəngin enerji ehtiyatlarından, Avropanın enerji təhlükəsizliyində rolundan bəhs etdi.
Azərbaycan Prezidenti İordaniya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu, əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirdi.
Universitetin rektoru dərin məzmunlu çıxışına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.
Mərasim başa çatdıqdan sonra dövlətimizin başçısı universitetin professor-müəllim heyəti ilə, eləcə də Əmmanda yaşayan azərbaycanlılarla görüşüb söhbət etdi.
Azərbaycan Prezidenti İlham Əliyev universitet binasının qarşısında Elmi Şuranın üzvləri ilə xatirə şəkli çəkdirdi.