AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
![]() |
İndi isə, bu nailiyyətlərin ümumi iqtisadi inkişafa çox müsbət təsiri var. Biz neft hasil edən olduqca vacib ölkəyə çevrilməyin ilkin mərhələsindəyik. Ona görə deyilən həmin potensial təhdidlərdən danışmaq vaxt baxımından bizim üçün tezdir. Lakin, eyni zamanda, biz qısa müddət ərzində neft kapitalını insan kapitalına çevirməyə çalışırıq. Əgər Siz Azərbaycanın iqtisadi göstəricilərinə nəzər yetirsəniz, görərsiniz ki, ÜDM-in artım sürəti baxımından ölkəmiz son iki il ərzində dünyada ən yüksək səviyyədə olub, yəni ötən il ÜDM-in artımı 35 faiz, 2005-ci ildə isə 26 faiz olmuşdur.
Lakin ən vacibi isə odur ki, son üç il ərzində, neft hasilatının inkişaf etdirilməsi iqtisadiyyatımız üçün daha böyük əhəmiyyət kəsb etdiyi halda, yoxsulluq səviyyəsində yaşayan insanların sayı 49 faizdən 20 faizə qədər azalmışdır. Son üç il ərzində 520 min yeni iş yeri açılmışdır. Bildiyiniz kimi, neft sektoru çox yeni iş yeri açmır. İş yerlərinin əksəriyyəti qeyri-neft sektorunda yaradılmışdır. Bizim timsalımızda görə bilərik ki, neft sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi ilə nəticələnə bilər. Neft gəlirləri düzgün bölüşdürüldükdə, şəffaflıq və məsuliyyət olduqda və hökumətin siyasətinin proqnozlaşdırılması mümkün olan təqdirdə və nəhayət, neft kapitalının insan kapitalına çevrilməsi üçün səylər göstərildikdə həmin nəticə əldə oluna bilər. Ona görə, mən əminəm ki, Azərbaycan neftdən və neft qiymətlərindən asılı olan ölkəyə çevrilməmək üçün bir çox təhlükəsizlik meyarlarına və imkanlara malikdir. Biz bu hadisənin ölkəmizdə baş verməsini istəmirik. İqtisadiyyatımızın həmin mühüm elementini iqtisadiyyatın şaxələndirilməsi, xalqımızın yaşayış standartlarının yaxşılaşdırılması və Azərbaycanın güclü ölkəyə çevrilməsi üçün istifadə etmək istəyirik.
