RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ESTONİYAYA DÖVLƏT SƏFƏRİ
TALLİNNDƏ RƏSMİ QARŞILANMA MƏRASİMİ
Tallinn, 7 aprel (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 7-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallinndə, Kadriorqdakı Prezident sarayında rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın və Estoniyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlves Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Hərbi orkestrin ifasında Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Estoniyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın nümayəndə heyətinin üzvləri isə Estoniya Prezidenti Toomas Hendrik İlvesə təqdim olundu.
Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Estoniya Prezidenti sarayının Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.
Sonra hədiyyələr təqdim edildi.
######