AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAXISTANA RƏSMİ SƏFƏRİ
“ASTANA GENPLAN”LA TANIŞLIQ
Müəssisənin direktoru Bair Dosmaqobetov Azərbaycan dövlətinin başçısına şəhərin yerli və xarici memarlar tərəfindən hazırlanmış baş planı haqqında ətraflı məlumat verdi. Bildirildi ki, Qazaxıstan Prezidentinin yeni sarayının və digər inzibati binaların tikintisini Yaponiya və İtaliya şirkətləri aparacaqlar.
Prezident İlham Əliyev Astana şəhərində tikiləcək müasir tipli binaların maketləri, memarların layihələri ilə tanış oldu.
X X X
Sonra Prezident İlham Əliyev Qazaxıstan paytaxtının girəcəyində ucaldılmış “Bayterek” kompleksinə gəldi. Astana şəhərinin rəhbərləri Qazaxıstanın milli simvolu olan qüllə haqqında dövlətimizin başçısına ətraflı məlumat verdilər.
Kompleksin direktoru Murat Saparqaliyev Azərbaycan Prezidenti İlham Əliyevə bildirdi ki, “sehirli quş” demək olan “Bayterek” qazax xalqının qədim tarixi ilə bağlıdır. Ona görə də ölkənin yeni paytaxtında ucaldılmış bu kompleks bütün fəxri qonaqların böyük marağına səbəb olur.