AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QAZAXISTANA RƏSMİ SƏFƏRİ
BAŞ NAZİRLƏ GÖRÜŞ
Qazaxıstan hökumətinin binasında keçirilən görüşdə Baş nazir ali qonağı salamlayaraq bildirmişdir ki, müstəqillik illərində əsası Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulmuş Qazaxıstan-Azərbaycan münasibətləri xüsusilə iqtisadi sahədə çox uğurla inkişaf edir. Neft-qaz layihələri çərçivəsində əməkdaşlığın geniş perspektivləri mövcuddur.
D.Əhmədov Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulmaq və Bakı-Aktau nəqliyyat dəhlizinin tezliklə başa çatdırılması istiqamətlərində işlər aparıldığını, başçılıq etdiyi nümayəndə heyətinin mart ayında Azərbaycana səfəri çərçivəsində hökumətlərarası komissiyanın işlədiyi bir sıra məsələlərin daha da dəqiqləşdiriləcəyini vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfərindən çox razı qaldığını, Prezident Nursultan Nazarbayevlə keçirilən görüş zamanı nəqliyyat sahəsində, mal dövriyyəsinin artırılması və enerji daşıyıcılarının nəqli sahəsində tam razılıq əldə olunduğunu söylədi və dedi ki, gələcəkdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdükdən sonra Qazaxıstan qazının bu kəmər vasitəsilə Avropaya nəql edilməsi də nəzərdə tutulur. Əminəm ki, yaxın gələcəkdə Qazaxıstan və Azərbaycan Avropaya qaz nəqli üzrə əsas ölkələr olacaqdır.
Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının işindən razılığını və onun fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev Qazaxıstan hökumət nümayəndə heyətinin Bakıya səfərinin böyük əhəmiyyəti olacağını bildirdi.
Görüşdə hər iki ölkənin iqtisadi potensialının gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdığı vurğulandı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.