AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVRUMINİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİNİQƏBUL ETMİŞDİR
Səfir Tasin Cəmil Azərbaycan, eləcə də beynəlxalq birlik üçün əvəzsiz itki – zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, Rumıniya xalqının böyük dostu Heydər Əliyevin vəfatı ilə əlaqədar Prezident İlham Əliyevə bir daha dərin hüznlə başsağlığı vermiş və onun kədərini bölüşdüyünü bildirmişdir. Səfir qeyd etmişdir ki, Heydər Əliyevin titanik səyləri nəticəsində qısa müddətdə Azərbaycan mühüm inkişaf yolu keçmiş, dünya ölkələri sırasında özünəlayiq yer tutmuş, regionda sülh və təhlükəsizlik təmin edilmişdir.
Diplomat bildirmişdir ki, Azərbaycanda işlədiyi müddətdə ona Prezident Heydər Əliyevlə görüşmək, onun müdrik nəsihətlərini eşitmək səadəti nəsib olmuşdur və bu xatirələr onun qəlbində daim yaşayacaqdır. Səfir iki ölkə arasındakı münasibətlərin inkişafında Prezident Heydər Əliyevin Prezident İon İliyesku ilə keçirdiyi görüşlərin böyük rolu olduğunu qeyd etmişdir. Bu görüşlərin nəticəsi olaraq Azərbaycan və Rumıniya arasında əməkdaşlığa dair 36 saziş imzalanmışdır. Dövlətlərarası sazişlərlə yanaşı, müxtəlif qurumlar, universitetlər və digər təsisatlar arasında da razılıqlar əldə olunmuşdur. Səfir məmnuniyyətlə bildirmişdir ki, Rumıniya parlamenti artıq iki mühüm sənədi ratifikasiya etmişdir.
Sonra səfir Tasin Cəmil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə diplomatik fəaliyyət müddətinin bitməsi haqqında məlumat verərək, tezliklə vətəninə dönəcəyini bildirmişdir. Azərbaycanda işlədiyi müddətdə ona göstərilən etimadı, yaradılan şəraiti yüksək qiymətləndirən səfir Azərbaycan Prezidentinə dərin minnətdarlığını söyləmişdir.
Eyni zamanda, o, Prezident İlham Əliyevin öz nitq və çıxışlarında Azərbaycanın gələcəyi, sosial inkişaf, demokratiya haqqında bəyan etdiyi fikirləri Rumıniya hökumətinin yüksək qiymətləndirdiyini, ürəkdən alqışladığını vurğulamışdır.
Prezident İlham Əliyev səfir Tasin Cəmilə minnətdarlığını ifadə etmiş və Azərbaycan ilə Rumıniya arasındakı əlaqələri yüksək qiymətləndirmişdir. O, Heydər Əliyev ilə Rumıniya prezidentlərinin iki ölkə arasında əsasını qoyduqları və möhkəmləndirdikləri mehriban dostluq və faydalı əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edərək genişlənəcəyinə inamını bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Azərbaycandakı səfiri Tasin Cəmilin Azərbaycanda işlədiyi müddətdə iki ölkə arasında dostluq və sıx əməkdaşlıq münasibətlərinin genişlənməsi və möhkəmlənməsi istiqamətində fəaliyyətinə yüksək qiymət vermiş, ona təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.
Sonda səfir Tasin Cəmil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qəbula görə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti.