RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ RƏSMİ NAHAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 29-da Bəsman sarayında İordaniya Kralı əlahəzrət II Abdullahın adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir.
Rəsmi naharda söhbət zamanı Kral II Abdullah ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı, Azərbaycan Prezidenti İlham Əliyevin Əmmana rəsmi səfərinin qarşılıqlı əməkdaşlığın inkişafına yeni təkan verəcəyini söylədi. O dedi ki, bu səfərdən sonra əlaqələrimiz daha da genişlənəcək və bunun üçün böyük potensial vardır.
Prezident İlham Əliyev Azərbaycan və İordaniya arasında siyasi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı dedi ki, iqtisadi münasibətlərin səviyyəsinin daha da yüksəldilməsi zəruridir. Bu səfər qarşılıqlı əlaqələrimizdə yeni sahələrin müəyyənləşdirilməsi və yeni perspektivlərin açılması üçün çox əhəmiyyətli olacaqdır.
Prezident İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf proseslərindən danışdı və Azərbaycanın bölgədə rolunun getdikcə artdığını vurğuladı. Dövlətimizin başçısı dedi ki, Azərbaycan Asiya ilə Avropa arasında iqtisadi dəhliz rolunu oynayır və bu, İordaniya üçün də faydalı və əhəmiyyətlidir. İordaniya bu imkandan istifadə edə bilər.
Söhbət zamanı turizm, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı.