Azərbaycan Qazaxıstanın Aktobe vilayəti ilə iqtisadi əlaqələrini gücləndirir
Astana, 5 dekabr, AZƏRTAC
“Aqtobe Investment Forum – 2025” Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Aktobe vilayətinin rəhbərliyi ilə görüşdə iştirak edib.
AZƏRTAC regional administrasiyaya istinadən xəbər verir ki, Azərbaycan diplomatik missiyası ilə danışıqları vilayətin akimi Əsxət Şaxarov aparıb.
Aktobe vilayətinin rəhbərliyi Azərbaycanla yanaşı, Avstriya, Hindistan, Malayziya, Xorvatiya səfirləri və Rusiya regionlarının nümayəndələri ilə də görüşlər keçirib.
Akimin xarici diplomatlarla danışıqları zamanı tərəflər iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı ticarətin genişləndirilməsi, birgə sənaye və infrastruktur layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Xüsusi diqqət ixracın artırılmasına, birgə layihələrin həyata keçirilməsinə, yeni istehsal və investisiya sahələrinin yaradılmasına yetirilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana