AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN PLENUMU OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, martın 30-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri plenumu açaraq son illər məhkəmə-hüquq sahəsində aparılan məqsədyönlü islahatlardan, Prezident İlham Əliyevin «Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında» 2006-cı il 17 avqust tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı görülən işlərdən və ədalət mühakiməsini həyata keçirərkən qanunun aliliyini təmin etmək məqsədi ilə məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır.
Plenumda CM-in 62-ci maddəsinin respublika məhkəmələri tərəfindən 2005-ci ildə və 2006-cı ilin birinci yarısında baxılmış cinayət işlərində tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair məsələ müzakirə olunmuşdur.
Çıxış edənlər bildirmişlər ki, həmin dövrdə təqsirləndirilən şəxslər barəsində CM-in 62-ci maddəsi tətbiq olunarkən qanunvericiliyin tələblərinə, əsasən düzgün əməl olunmuşdur. Bununla yanaşı, müəyyən edilmişdir ki, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təqsirkarın şəxsiyyəti cəza təyini zamanı bəzi hallarda ayrı-ayrı məhkəmələr tərəfindən lazımi qaydada nəzərə alınmamış və təqsirləndirilən şəxslər barəsində əsassız olaraq, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunması hallarına yol verilmişdir. Bununla da, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyul tarixli qərarının CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı tələbləri pozulmuşdur.
Plenumda «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 mart tarixli 3 nömrəli qərarına dəyişikliklər və əlavələr də müzakirə edilmişdir.
Plenumda Nərimanov Rayon Məhkəməsinin hakimi Liliya Mavrinanın Məhkəmə-Hüquq Şurasının onun haqqında 2007-ci il 6 fevral tarixli qərarından verdiyi şikayətə də baxılmışdır.
Plenum konkret cinayət və mülki işlərə baxmış, müvafiq qərarlar qəbul etmişdir.