AZƏRBAYCAN RESPUBLİKASI TARİF (QİYMƏT) ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
İclasda Bakı metropolitenində sərnişin daşınması xidmətinin tariflərinə, şəhərdaxili və şəhərətrafı sərnişindaşıma xidmətinin qiymətlərinə baxılması, “Azərbaycan Qaz Emalı” ASC tərəfindən emal olunan təbii qazın emal tarifinin təsdiq olunması məsələləri müzakirə edilmişdir.
Bakı metropoliteninin maliyyə-təsərrüfat fəaliyyətinin normal qurulması və cari problemlərin aradan qaldırılması ücün sərnişindaşıma xidmətinin tariflərində dəyişiklik edilməsi ilə bağlı təklifləri müzakirə olunmuş, metro nəqliyyatının xərctutumlu olduğunu və dövlət tərəfindən subsidiyalaşdırıldığını nəzərə alaraq, burada sərnişindaşıma xidmətinin maya dəyərinə təsir göstərən amillərə və xərclərin əsaslılığına dair əlavə araşdırmaların və təhlillərin aparılması məqsədəmüvafiq hesab edilmişdir.
İclasda, həmçinin Tarif (qiymət) Şurasının müvafiq icra hakimiyyəti orqanları ilə birgə keçirdiyi monitorinq zamanı əldə olunan məlumatlar, qiymətlərin özbaşına dəyişdirilməsi ilə bağlı əhalidən daxil olan şikayətlər və təsərrüfat subyektləri tərəfindən təqdim edilən hesablamalar nəzərə alınmaqla, Bakı şəhəri üzrə sərnişindaşıma xidmətinin qiymətləri ilə bağlı müzakirələr də aparılmışdır.
Məsələnin sosial əhəmiyyəti, şəhər nəqliyyat təsərrüfatının qurulması və tənzimlənməsi baxımından vacibliyi və kompleks tədbirlərin həyata keçirilməsinin zəruriliyi nəzərə alınaraq, bu sahədə əlavə araşdırmaların və təhlillərin davam etdirilməsi məqsədəuyğun sayılmışdır.
Tarif (qiymət) Şurasının iclasında “Azərbaycan Qaz Emalı” ASC-də emal olunan təbii xam qazın emalı tarifinə də baxılmış və emal tarifi 1000 kubmetr üçün 4,37 manat (təbii xam qazın emalı ilə bağlı xərclərə mənfəət və ƏDV tətbiq edilməklə) məbləğində təsdiq olunmuşdur.