AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN BƏYANATI
Nazirlik diqqəti ona cəlb edir ki, qətldə şübhəli bilinərək tutulmuş azərbaycanlı hərbi qulluqçu Ramil Səfərov Azərbaycanın erməni təcavüzkarlar tərəfindən zəbt edilmiş Cəbrayıl rayonundan olan qaçqınlar ailəsindədir. İşğalçılar ailənin bütün əmlakını qarət etmişlər, onun bir neçə qohumu öldürülmüşdür. Əldə olan məlumata görə, erməni hərbi qulluqçusu dəfələrlə Ramil Səfərovun ünvanına Azərbaycan Respublikası zabitinin və vətəndaşının şərəf və ləyaqətinə toxunan, erməni təcavüzü qurbanlarının xatirəsini təhqir edən həqarətli sözlər söyləmişdir. Bütün bunlar Ramil Səfərovun emosional vəziyyətinə təsir göstərməyə bilməzdi.
Azərbaycan tərəfi Ermənistan tərəfini Azərbaycan dövlətinin və xalqının ünvanına təhqiramiz bəyanatlardan və fikirlər söyləməkdən çəkinməyə çağırır. Budapeştdəki hadisənin Ermənistanla Azərbaycan arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirəcək katalizatora çevrilməsinə yol vermək olmaz. Baş vermiş bu hadisə münaqişənin nizama salınmaması ilə əlaqədar vəziyyətin gərgin olduğunu bir daha sübut edir və onun beynəlxalq hüquq prinsipləri əsasında həlli sahəsində dünya birliyinin səylərini gücləndirməsinin zəruriliyini təsdiq edir. Yalnız bu halda iki xalq arasındakı düşmənçiliyi aradan qaldırmaq, sülhə və mehriban qonşuluğa yol açmaq olar.