AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Biz, “bp-Azərbaycan” şirkətinin bütün əməkdaşları Prezident cənab Heydər Əliyevin vəfatından dərin kədər hissi keçiririk. Biz Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, Sizin və ailənizin kədərinə ürəkdən şərik çıxırıq.
Prezident Heydər Əliyevin adı bir çox mühüm nailiyyətlərlə, o cümlədən Azərbaycanın zəngin enerji ehtiyatlarının bu ölkənin xalqının mənafeyi naminə dünyanın böyük neft şirkətləri ilə birgə işlənilməsi və həmin ehtiyatların Şərq-Qərb enerji dəhlizi ilə dünyanın bazarlarına ixrac olunması məqsədi daşıyan Azərbaycanın yeni neft strategiyasının memarı kimi anılacaqdır. Bu neft strategiyası Azərbaycanın milli maraqları baxımından uğurla sınaqdan çıxmışdır və biz əminik ki, bu, gələcəkdə də davam edəcəkdir.
Azərbaycanın iri neft və qaz layihələrinin həyata keçirilməsində bp Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə hər zaman sıx əməkdaşlıqda işləmişdir. Bu fəaliyyətin dəstəklənməsi istiqamətində Prezident Heydər Əliyevin güclü rəhbərliyi və iri layihələrə xas olan hansısa çətinliyin uğurla aradan qaldırılmasında göstərdiyi şəxsi qayğısı və dəyərli məsləhətləri bizim bu günədək əldə etdiyimiz nailiyyətlər üçün həlledici əhəmiyyət daşımışdır. Bu, xüsusilə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinə aiddir. Onun verdiyi qərar bu layihənin Azərbaycan neftinin beynəlxalq bazara ixracı üçün hələ ilk günlərdən ən səmərəli, iqtisadi baxımdan rentabelli və ətraf mühit baxımından məsuliyyətlə idarə olunacaq bir layihə kimi həyata keçirilməsi üçün əsas olmuşdur.
bp şirkətində biz hamımız Prezident Heydər Əliyevin son dərəcə böyük enerji sərf etdiyi nəhəng layihələrin uğurla başa çatdırılması öhdəliyimizə sadiqik. Biz Prezident Heydər Əliyevin arzularını həyata keçirmək üçün “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsi üzrə neft hasilatına başlamaq, BTC boru kəmərini istismara vermək və Ceyhandan ilk tankeri yola salmaq barədə iş cədvəlinə və ən yüksək standartlara əməl edəcəyimizə təminat veririk. Əminik ki, bu, Sizin atanızın xatirəsinə ən layiqli töhfədir və bizim onun xatirəsini uca tutmağımız üçün ən münasib bir yoldur.
Biz Azərbaycan xalqına və Prezident Heydər Əliyevin ailəsinə üz vermiş kədərə bir daha şərik çıxır, bu hüznlü günlərdə qəlbən sizinlə birlikdə olduğumuzu bildiririk.
Dərin hörmətlə,
Devid Vudvord,
“bp-Azərbaycan” şirkətinin prezidenti.
14 dekabr 2003-cü il.